AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məktəblərin tikintisi zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində cinayət işi başlanılmışdır.

Əvvəllər məlumat verildiyi kimi bir sıra məktəblərdə standartlara uyğun olmayan, mövcud normaların tələbləri pozulmaqla və sui-istifadə hallarına yol verilməklə tikinti aparılması faktları üzrə Azərbaycan Respublikası Baş prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən araşdırmalara başlanılmışdır. Araşdırma zamanı Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsində yerləşən 85 nömrəli və Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli orta məktəblərin 2006-cı ildə tikilmiş korpuslarına aidiyyatı mütəxəssislərin, podratçı təşkilatların nümayəndələrinin iştirakı ilə birgə baxış keçirilmiş, layihə smeta sənədləri, görülmüş işlərin qəbuluna dair aktlar və bir sıra digər zəruri sənədlər götürülərək müvafiq qaydada rəsmiləşdirilmişdir. Araşdırma zamanı qeyd olunan məktəblərin əsaslı tikintisi zamanı ciddi qanun pozuntularına yol verilməsi faktları müəyyən edilmişdir. Belə ki, 85 nömrəli məktəbin yeni istifadəyə verilmiş ikimərtəbəli korpusun birinci və ikinci mərtəbələrinin dəhlizlərinin, sinif otaqlarının və sanitar qovşağın divarlarında müxtəlif uzunluqlu, qalınlıqlı və müxtəlif istiqamətli, o cümlədən binanın daxilinə keçən çatların olması, habelə sinif otaqlarının bir qisminin döşəməsinin taxtalarının qismən çürüməsi aşkar edilmişdir. Bundan əlavə, görülmüş işlərin qəbuluna dair 2 nömrəli formada əks olunmasına baxmayaraq içməli və çirkab su anbarları və ventilyasiya sistemi, sinif otaqlarının döşəmə hissəsində beton təbəqəsi faktiki inşa edilməmişdir. Beləliklə müəyyən edilmişdir ki, tikintisinin smeta dəyəri 341.965 manat olan 85 saylı məktəbdə “Azərbərpa” MMC-nin vəzifəli və maddi məsul şəxsləri tərəfindən iş həcmi 35.261 manat şişirdildilmiş, 11.666 manat iş isə faktiki yerinə yetirilməyərək dövlət vəsaiti mənimsənilmişdir. 123 saylı məktəbin yeni istifadəyə verilmiş üçmərtəbəli və ikimərtəbəli 4 korpusunun birinci və ikinci mərtəbələrinin dəhlizləri, sinif otaqlarının divarlarında müxtəlif uzunluqlu, qalınlıqlı və müxtəlif istiqamətli, o cümlədən binanın daxilinə keçən çatların olması müəyyən olunmuş, görülmüş işlərin qəbuluna dair 2 nömrəli formada əks olunmasına baxmayaraq korpuslar üzrə taxta döşəmənin altına beton qatının verilmədiyi və havalandırma ilə təhciz olunmadığı aşkar edilmişdir.Araşdırma zamanı 849.821 manat smeta dəyəri olan 123 saylı məktəbdə “Ramil” müəssisəsinin vəzifəli və maddi şəxsləri tərəfindən iş həcminin 50.359 manat şişirdildiyi, 28.793 manat məbləğində işin isə ümumiyyətlə görülməyərərk dövlət əmlakının mənimsənildiyi aşkar edilmişdir. Layihə-smeta sənədlərindən kənarlaşmalara, keyfiyyətsiz işlər görülməsinə və bu kimi digər qanun pozuntularına baxmayaraq qeyd olunan məktəb binaları Təhsil nazirliyinin müvafiq komissiyası tərəfindən qəbul olunmaqla istismara verilmişdir. Kifayət qədər əsaslar olduğundan toplanmış material üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsi tərəfindən qeyd olunan məktəblərdə əsaslı tikinti işlərini həyata keçirmiş “Azərbərpa”MMC və “Ramil” firmasının vəzifəli şəxsləri barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və küllü miqdarda özgə əmlakını mənimsəməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələri ilə bağlı cinayət işi başlanmışdır. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Cinayət işi üzrə tam, hərtərərfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi və istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcəkdir.