Azərbaycan nümayəndə heyəti Strasburqda keçirilmiş beynəlxalq seminarda iştirakı etmişdir.
2025-ci ilin 24–25 aprel tarixlərində Fransa Respublikasının Strasburq şəhərində Avropa Şurası və Avropa İttifaqının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq birgə proqramının üçüncü mərhələsinin “Şərq Tərəfdaşlığı regionunda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə tədbirlərinin gücləndirilməsi” layihəsi çərçivəsində “Korrupsiya risklərinin xəritələşdirilməsi: öyrənilmiş dərslər və tətbiq imkanları” mövzusunda beynəlxalq seminar keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibi Təbriz Musayev, Komissiyanın Katibliyinin əməkdaşı Bayram Orucov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin böyük məsləhətçisi Bağdagül Əliyevadan ibarət nümayəndə heyəti iştirak etmişlər. Seminarda həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin antikorrupsiya sahəsində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər və AŞ-nin aidiyyəti strukturlarının təmsilçiləri də qatılmışlar.
Seminarın məqsədi korrupsiya risklərinin qiymətləndirilməsi və idarə olunması sahəsində təcrübə və imkanların müzakirəsi, AŞ-nin bu sahədəki yanaşmasının təqdim edilməsi, o cümlədən texnologiya, məlumatların təhlili və süni intellektin bu istiqamətdə tətbiq imkanlarının araşdırılmasından ibarətdir.
Azərbaycan nümayəndə heyəti ölkədə korrupsiya risklərinin qiymətləndirilməsi və xəritələşdirilməsi istiqamətində görülən işlər, tətbiq olunan normativ-hüquqi baza və institusional mexanizmlər, eləcə də risklərin idarə olunması üzrə təcrübələr barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Seminar zamanı keçirilmiş sessiyalar çərçivəsində iştirakçılar korrupsiya risklərinin sektorlar üzrə qiymətləndirilməsi, qabaqlayıcı mexanizmlərin gücləndirilməsi, ictimai xidmətlərdə şəffaflığın artırılması, həmçinin etik davranış, maraqlar toqquşması və dövlət qulluğunda risklərin azaldılması kimi istiqamətlərdə fikir mübadiləsi aparmışlar.
Seminar çərçivəsində keçirilmiş praktiki sessiyalar və tematik qruplar üzrə müzakirələr nəticəsində əldə edilən təcrübələr gələcəkdə korrupsiya risklərinin qiymətləndirilməsi və idarə olunması üzrə hüquqi və institusional mexanizmlərinin daha da təkmilləşdirilməsinə töhfə verəcəkdir.