Azərbaycan nümayəndə heyəti Korrupsiyaya qarşi mübarizə üzrə Qlobal Forumda və BMT-nin Korrupsiya əleyhinə Konvensiyasinin Konfransinda iştirak etmişdir
Bu il noyabrın 7-13-də Qətərin paytaxtı Dohada Korrupsiyaya qarşı mübarizə üzrə 6-cı Qlobal Forum və BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 3-cü sessiyası keçirilmişdir.
Forumda və sessiyada Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri - Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, həmçinin baş prokurorun müavini Namiq Əsgərov, Azərbaycanın Qətərdəki səfiri Eldar Səlimov, Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsinin rəisi Ruslan Hacıyev, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov iştirak etmişlər.
Qlobal Forumda və BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının sessiyasında korrupsiyanın qarşısının alınması, ona qarşı mübarizədə səmərəli və qabaqcıl təcrübə barədə müzakirələr aparılmış və fikir mübadiləsi olmuşdur. Azərbaycan nümayəndə heyəti tədbirlərdə müvafiq təkliflərlə çıxış etmiş, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya barədə iştirakçılara ətraflı məlumat vermişdir. Azərbaycan Respublikasının siyasi, sosial, iqtisadi inkişafı, hüquqi islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmiz haqqında digər məlumatları, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri əks etdirən müxtəlif sənədlər iştirakçılara təqdim olunmuşdur. Qlobal Forumun bəyannaməsi və BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının sessiyasında müvafiq qətnamələr və qərarlar qəbul edilmişdir.
Səfər çərçivəsində Qətər Dövlətinin vəliəhdi Şeyx Təmin bin Hamad bin Xəlifə Al Təni Azərbaycan nümayəndə heyətini qəbul etmişdir. Şeyx Təmin Qətər və Azərbaycan xalqları, dövlətlərimizin başçıları arasında səmimi dostluğun olduğunu bildirmiş, Qətər Dövləti Əmirinin və şəxsən özünün hörmət və ehtiramının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş etmişdir. Görüşdə ölkələrimiz arasında əlaqələrin intensiv inkişaf etdiyi qeyd olunmuşdur.
Azərbaycan nümayəndə heyəti ikitərəfli görüşlər çərçivəsində Qətərin baş prokuroru və ədliyyə naziri, o cümlədən digər dövlətlərin nümayəndələri ilə görüşlər keçirmişdir. Görüşlərdə ikitərəfli hüquqi əməkdaşlığın istiqamətləri müzakirə olunmuş, bu sahədə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanmışdır. Həmçinin bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Transparency İnternational təşkilatının rəhbəri və Parlament üzvlərinin korrupsiyaya qarşı Qlobal Təşkilatının (GOPAC) icraçı direktoru ilə görüşlər keçirilmiş, Azərbaycan ilə həmin təşkilatlar arasında birgə tədbirlərin təşkili, əməkdaşlığın gücləndirilməsi istiqamətində danışıqlar aparılmışdır.
Bakı, 16 noyabr (AzərTAc).