AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan nümayəndə heyəti Açıq Hökumət Tərəfdaşlığı sammitində iştirak etmişdir

Aprelin 17-18-də Braziliyada ABŞ Prezidenti Barak Obama və Braziliya Prezidenti xanım Dilma Roussefin birgə təşəbbüsü ilə 2011-ci ildə təsis olunmuş ümumdünya "Açıq Hökumət Tərəfdaşlığı"nın (AHT) ilk illik sammiti keçirilmişdir.

Tədbirə 60 ölkədən 2000-ə yaxın dövlət, qeyri-hökumət, özəl qurumların rəhbərləri, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri qatılmışlar. Açılış mərasimində Dilma Roussef, Tanzaniya Birləşmiş Respublikasının Prezidenti Jakaya Kikvete, Gürcüstanın Baş naziri Nika Gilauri, ABŞ dövlət katibi Hillari Klinton və bir sıra siyasi xadimlər iştirak etmişlər.

Tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. AHT sammitinin Cənubi Qafqaz regionu üzrə "Fəaliyyət planı"nın təqdimatı üzrə plenar iclasda iştirak edən Ə.Abbasov ölkəmizin milli fəaliyyət planını forum iştirakçılarının diqqətinə çatdırmışdır. Tədbirin ikinci günü nazir Əli Abbasov "İnformasiya şəffaflığı: hökumətin perspektivləri" sessiyasında təşkilatçıların xahişi ilə "Azərbaycanda İKT sahəsində aparılan uğurlu siyasət" mövzusunda çıxış etmişdir. Çıxışda "Elektron hökumət" çərçivəsində dövlət təsisatlarının vahid sistem vasitəsilə idarəsi, həmçinin nəzarət olunması və bu sistemin cəmiyyət üzvləri üçün şəffaf olmasının vacibliyi qeyd edilmişdir. Sessiyada Braziliya, Liberiya və Kanada hökumətlərinin nümayəndələri çıxış edərək təcrübələrini bölüşmüşlər.

Sammitin işində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Prezident Administrasiyasının və Milli Məclisin üzvləri iştirak etmişlər.