Avropa Şurası eksperti ilə Korrupsiya risklərinin idarə edilməsi Qaydaları layihəsi üzrə müzakirələrin növbəti sessiyası keçirilib
2025-ci il 11 dekabr tarixində Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (PGGIII) Proqramı çərçivəsində icra olunan “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində onlayn formatda ikinci sessiya keçirilib.
Sessiya Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi (bundan sonra – Katiblik) tərəfindən hazırlanmış “Dövlət və yerli özünüidarəetmə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, publik hüquqi şəxliərdə və büdcə təşkilatlarında korrupsiya risklərinin idarə edilməsi Qaydaları” layihəsinin Avropa Şurası eksperti tərəfindən qiymətləndirilməsi və bu istiqamətdə hazırlanmaqda olan Texniki Sənəd ilə bağlı işlərin yekunlaşdırılması məqsədilə təşkil olunub.
Görüşdə Avropa Şurasının nümayəndələri, Katibliyin əməkdaşları və aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələri iştirak ediblər.
Sessiyanın əvvəlində Avropa Şurasının Bakı ofisinin nümyəndəsi Firuzə Cəfərova müzakirələrin məqsədinin ilk sessiyada başlanmış dialoqu davam etdirmək, ekspertin hazırlayacağıq Texniki Sənəddə əks olunan əsas rəy və tövsiyələr üzrə dəqiqləşdirilməli məsələləri öncədən aydınlaşdırmaq, eləcə də yekun sənədin tamamlanması üçün zəruri olan fikir mübadiləsini təmin etmək olduğunu bildirib.
Sonra Komissiyanın katibi Təbriz Musayev Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində aparılan ekspert qiymətləndirilməsinin layihənin keyfiyyətinin artırılması, beynəlxalq müsbət təcrübənin nəzərə alınması və tətbiq mexanizmlərinin daha da dəqiqləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Sessiyada Avropa Şurasının eksperti Valts Kalninş Texniki Sənədin ümumi yanaşmasını təqdim edərək Qaydalar layihəsinin korrupsiya risklərinin idarə edilməsi dövrünü əhatəli şəkildə tənzimlədiyini, ümumi yanaşmanın beynəlxalq müsbət təcrübə ilə uzlaşdığını, eyni zamanda tətbiq prosesinin geniş addımlar və sənədləşdirmə tələbləri baxımından orqanlar (qurumlar) üçün nəzərəçarpacaq dərəcədə iş yükü formalaşdıra biləcəyini qeyd edib. Müzakirələr zamanı risk reyestrində planlaşdırılan tədbirlərin qurumun antikorrupsiya proqramı ilə əlaqələndirilməsi, kənar ekspertlərin cəlb edilməsi hallarında tətbiq çərçivəsinin daha aydın təsbiti, korrupsiyaya həssas funksiya və proseslərin ümumi risk idarəetmə prosesində yerinin dəqiqləşdirilməsi, müəyyən dövrlərdə sadələşdirilmiş yanaşmanın nəzərdən keçirilməsi, habelə Komissiyanın monitorinq funksiyasını asanlaşdıran mərkəzləşdirilmiş elektron həllərin mümkünlüyü kimi yanaşmalar diqqətə çatdırılıb.
Bununla yanaşı, Qaydalar layihəsinin əlavələri müzakirə edilərək risk nəticəsinin ağırlığı və riskin baş vermə ehtimalının qiymətləndirilməsi ilə bağlı göstəricilərin təkmilləşdirilməsi, risk qeydiyyat alətlərinin tətbiqinin daha praktik formaya salınması, eləcə də sorğu mexanizmlərinin məqsəd və məzmununun daha aydın çərçivələnməsi kimi məsələlərə toxunulub.
Sessiyada iştirak edən dövlət orqanlarının (qurumlarının) nümayəndələri Qaydaların praktik icra zamanı yarana biləcək nüanslar ilə bağlı fikirlərini bölüşüb və dəqiqləşdirmək məqsədilə öz sualları səsləndiriblər. V.Kalniņş isə bu suallar üzrə ümumi izahlar verib və yekun sənəddə nəzərə alınacaq məqamları qeyd edib.
Görüşün sonunda Avropa Şurası eksperti bildirib ki, müzakirələr zamanı səsləndirilən əsaslı rəy və qeydləri nəzərə alaraq Texniki Sənədi yekunlaşdıracaq və Qaydalar layihəsinə dair tövsiyələr sistemləşdirilmiş formada təqdim ediləcək.
T.Musayev Qaydalar layihəsinin təkmilləşdirilməsi işinə verdiyi dəstəyə görə Avropa Şurasına və rəy, təklif və müzakirələrdə aktiv iştiraklarına görə iştirakçılara öz təşəkkürünü bildirib və sessiya bağlı elan edilib.