Avropa Şurası eksperti ilə Korrupsiya risklərinin idarə edilməsi Qaydaları layihəsi üzrə müzakirələrin ilk sessiyası keçirilib
2025-ci il 24 noyabr tarixində Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (PGGIII) Proqramı çərçivəsində icra olunan “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində onlayn görüş keçirilib.
Görüş Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi (bundan sonra – Katiblik) tərəfindən hazırlanmış “Dövlət və yerli özünüidarəetmə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında korrupsiya risklərinin idarə edilməsi Qaydaları” layihəsinin Avropa Şurası tərəfindən ekspert qiymətləndirilməsinin həyata keçirilməsi məqsədi daşıyır. Görüşdə Avropa Şurasının nümayəndələri, Katibliyin əməkdaşları və aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələri iştirak ediblər.
Görüşün əvvəlində Avropa Şurasının Bakı ofisinin nümayəndəsi Firuzə Cəfərova PGGIII Proqramı çərçivəsində icra olunan layihə barədə məlumat verib, eləcə də sessiyanın məqsədi və növbəti addımlar barədə iştirakçıları maraqlandıran məsələlərə toxunub.
Daha sonra açılış nitqi ilə çıxış edən Komissiyanın katibi Təbriz Musayev bu sessiyanın təşkil olunmasında Avropa Şurasının Bakı ofisinə və ekspert Valts Kalninşə təşəkkürünü bildirib, Qaydalar layihəsinin əhəmiyyətindən, dövlət orqanlarında (qurumlarında) korrupsiya risklərinin vaxtında aşkar edilməsi və qarşısının alınması üçün institusional çərçivənin formalaşdırılmasındakı rolundan bəhs edib və layihənin təcrübəli ekspert tərəfindən qiymətləndirilməsinin, onun rəy və təkliflərinin, habelə beynəlxalq müsbət təcrübələrin nəzərə alınmasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Avropa Şurasının eksperti V.Kalninş Qaydalar layihəsi üzrə qiymətləndirmənin ümumi yanaşmasını və mərhələlərini təqdim edərək bildirib ki, təhlil həm Qaydaların əsas mətnində nəzərdə tutulan prosesləri və institusional mexanizmləri, həm də əlavələrdə əks olunan alət və formaların praktik tətbiqə uyğunluğunu əhatə edəcək, nəticələr isə yekun Texniki Sənəddə sistemləşdiriləcək.
Qaydalar layihəsinin peşəkar şəkildə hazırlandığını qeyd edən ekspert, eyni zamanda mövcud boşluqlar və təkmilləşdirilməli məqamlar barədə ilkin yanaşmalarını, habelə beynəlxalq təcrübədən irəli gələn əsas prinsipləri təqdimatla iştirakçıların diqqətinə çatdırıb. Görüş zamanı sual doğuran məqamlar üzrə ilkin dəqiqləşdirmələr aparılıb və ekspert rəyinin hazırlanması üçün zəruri olan əsas məlumatlar aydınlaşdırılıb.
Müzakirələr zamanı iştirakçılar Qaydaların tətbiqində praktiki mexanizmlər, prosesin mərhələlərinin ardıcıllığı, institusional rol bölgüsü, eləcə də layihənin müxtəlif orqanların (qurumların) fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla icra imkanları barədə ümumi suallarını səsləndiriblər.
Görüşün sonunda razılaşdırılıb ki, Avropa Şurası eksperti Qaydalar layihəsi üzrə təhlili davam etdirərək sənədin beynəlxalq təcrübəyə uyğunluğu, boşluqları və təkmilləşdirmə istiqamətləri barədə rəy və tövsiyələri sistemləşdirəcək, müzakirələr növbəti onlayn sessiyada davam etdiriləcək və yekunda Qaydalar layihəsinə dair Texniki Sənəd hazırlanacaq.
Sonda T.Musayev iştirakçılara fəal müzakirəyə görə təşəkkür edib, səsləndirilən sual və təkliflərin ümumiləşdirilərək növbəti mərhələdə nəzərdən keçiriləcəyini bildirib.