Antikorrupsiya hüququ vəsaiti üzrə müəlliflər kollektivinin yeni tərkibdə ilk iclası keçirilib
2025-ci ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) Təhsil və maarifləndirmə ilə bağlı işçi qrupunun fəaliyyəti çərçivəsində “Antikorrupsiya hüququ” vəsaitinin hazırlanması üzrə müəlliflər kollektivinin yeni tərkibdə ilk iclası keçirilib.
Müəlliflər kollektivinin yenilənmiş tərkibi təqdim edilən rəy və təkliflərin nəzərə alınması və əvvəlki iclasdan sonra müəlliflərə ünvanlanan müraciətə əsasən müəyyənləşdirilib. Bu görüşün əsas məqsədi fəsillər üzrə ardıcıllığı və məzmun xəttini dəqiqləşdirmək, struktur üzrə vahid yanaşma formalaşdırmaq, eləcə də koordinasiya və icra intizamını gücləndirmək olub.
Komissiyanın katibi Təbriz Musayev iclası açaraq müəlliflər kollektivini salamlayıb, yeni tərkibin işinə uğurlar arzulayıb və vəsaitin keyfiyyətli şəkildə tamamlanmasının prioritet olduğunu bildirib.
Müzakirələr zamanı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı Orxan Qazızadə vəsaitin fəsillər üzrə ardıcıllığının yenidən nəzərdən keçirilməsini təklif edib. Təklifə münasibət bildirən T.Musayev aparılmış araşdırmaların və müxtəlif yanaşmaların təhlil edilərək, mövcud strukturun bu formada qurulması qənaətinə gəlindiyini diqqətə çatdırıb.
Mövzu ətrafında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan resursları idarəsinin Kadr siyasəti və təhsil şöbəsinin baş inspektoru Rauf Məcidbəyli O.Qazızadənin fikrinə əlavə olaraq, bölmələrin olduğu kimi saxlanılmaqla, bölmələr daxilində fəsillərin düzülüşünün təkrar nəzərdən keçirilməsinin məqsədəuyğun ola biləcəyini bildirib. Terminoloji ardıcıllıq məsələlərinə toxunan “Vətəndaşların əmək hüquqlarını müdafiə liqası” İctimai Birliyinin sədri Sahib Məmmədov vəsaitdə istifadə olunan “bölmə”, “hissə” və “fəsil” kimi anlayışların izahının və tətbiqinin vahid yanaşma əsasında dəqiqləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elm və beynəlxalq əlaqələr üzrə prorektoru Elvin Əzizbəyov müzakirələr zamanı beynəlxalq tədris və elmi nəşrlərdən nümunələr təqdim edərək, mündəricatın quruluşuna dair müsbət təcrübələri bölüşüb. R.Məcidbəyli isə milli təcrübə kontekstində “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununda tənzimlənən struktur yanaşmasını misal olaraq qeyd edib. T.Musayev həm beynəlxalq yanaşmalara, həm də mövcud yerli mənbələrdəki təcrübələrə (o cümlədən Firudin Səməndərovun müvafiq nəşri) nəzər yetirdiyini diqqətə çatdırıb. Bununla yanaşı struktur məsələsinin dəqiq araşdırılaraq növbəti mərhələdə yenidən müzakirə edilə biləcəyini bildirib.
İclasın sonunda Komissiyanın katibi Təbriz Musayev müəlliflərə təşəkkür edərək, yenilənmiş tərkibdə işin daha sistemli və koordinasiyalı şəkildə davam etdiriləcəyini bildirib. O, vəsaitin fəsillər üzrə məzmun vahidliyi təmin edilməklə hazırlanacağını və yekunda geniş auditoriya üçün anlaşıqlı, praktik istifadəyə uyğun tədris vəsaiti kimi təqdim olunacağını bildirib