Antikorrupsiya hüququ vəsaiti üzrə müəlliflər kollektivinin növbəti iclası keçirilib
2026-cı il 13 fevral tarixində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) Təhsil və maarifləndirmə ilə bağlı işçi qrupunun fəaliyyəti çərçivəsində “Antikorrupsiya hüququ” vəsaitinin hazırlanması üzrə müəlliflər kollektivinin onlayn iclası keçirilib.
İclasın məqsədi vəsaitin yazılması üzrə iş planının yenilənmiş qrafiki barədə məlumat vermək, vəsaitin mündəricatının yenilənmiş versiyasını müzakirə etmək və fəsillərin icra vəziyyətini nəzərdən keçirmək olub.
İclası giriş sözü ilə açan Komissiyanın katibi Təbriz Musayev iştirakçıları salamladı və “Antikorrupsiya hüququ” vəsaitinin hazırlanmasının cari vəziyyəti və görülmüş işlər barədə məlumat verdi. Daha sonra vəsaitin mündəricatının layihəsi iştirakçıların müzakirəsinə təqdim olundu. Layihə ətrafında fikir mübadiləsi aparıldı, təklif və qeydlər dinlənildi və mündəricat ümumi razılıq əsasında təsdiq edildi.
Bunun ardınca “Antikorrupsiya hüququ” vəsaitinin hazırlanmasına dair iş planının yenilənmiş qrafiki barədə məlumat verildi. Bildirildi ki, üç fəsil üzrə yazı işlərinə planlaşdırılmış vaxtdan əvvəl başlanılmışdır ki, bu da ümumi hazırlıq prosesinin səmərəliliyinin göstəricisidir.
Müzakirələr zamanı iclasın iştirakçısı Fuad Kələşli “Antikorrupsiya hüququ” vəsaitinin müəlliflər kollektivinin ilkin araşdırmaları üzrə nəticələrin təqdim edilməsi (təxminən müvafiq fəslin ilk 15%-i, yəni 1.500–1.800 söz) üçün son tarixin 1 aprel müəyyən edilməsini təklif etdi. Təklif iştirakçılar tərəfindən məqsədəmüvafiq hesab edildi və razılıqla qəbul olundu.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elm və beynəlxalq əlaqələr üzrə prorektoru Elvin Əzizbəyov çıxış edərək son dövrlərdə süni intellekt texnologiyalarının müxtəlif sahələrdə geniş tətbiq olunduğunu qeyd etdi və bu kontekstdə 11 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi tövsiyə və tapşırıqları nəzərə alaraq “Antikorrupsiya hüququ” vəsaitinə süni intellektlə bağlı yeni fəslin əlavə edilməsini təklif etdi. İclasın digər iştirakçıları təklifi dəstəklədiyini bildirərək növbəti iclasa qədər qeyd olunan istiqamətdə ilkin araşdırmaların aparılmasını, həmçinin təklif olunan fəslin mümkün strukturu və əhatə dairəsi barədə ilkin konseptual yanaşmanın hazırlanaraq təqdim edilməsini məqsədəuyğun hesab etdi.
Daha sonra T.Musayev bəzi xarici ölkələrin təcrübəsinə istinad edərək korrupsiya hüquqpozmaları ilə bağlı müraciətlərin təhlilində süni intellekt əsaslı tətbiqlərdən istifadə olunduğunu diqqətə çatdırdı. O, belə bir tətbiqin Azərbaycanda da hazırlanaraq istifadəyə verilməsinin korrupsiyaya qarşı mübarizə sahəsində effektivliyin artırılmasına töhfə verə biləcəyini vurğuladı.
İclasın yekununda T.Musayev müəlliflərə təşəkkürünü bildirdi və iştirakçılara 1 aprel tarixinədək təqdim olunmalı olan müvafiq fəsillərin 1500–1800 söz həcmində ilkin hissələrinin hazırlanması zamanı daha əvvəl təsdiq edilmiş “Antikorrupsiya hüququ” vəsaitinin tərtibi Qaydaları”na riayət edilməsi barədə xatırlatma etdi.