Antikorrupsiya hüququ vəsaiti üzrə müəlliflər kollektivinin növbəti iclası keçirilib
2026-cı il 9 yanvar tarixində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) Təhsil və maarifləndirmə ilə bağlı işçi qrupunun fəaliyyəti çərçivəsində “Antikorrupsiya hüququ” vəsaitinin hazırlanması üzrə müəlliflər kollektivinin onlayn iclası keçirilib.
İclasın məqsədi vəsaitin mündəricatının cari versiyası üzrə fəsillərin icra vəziyyətini nəzərdən keçirmək, onlayn qaydada təqdim edilmiş rəy və təkliflərə dair müzakirələr aparmaq, habelə məzmun vahidliyinin, akademik formatın və istinad qaydalarının qorunması ilə bağlı təşkilati məsələləri müzakirə etmək olub.
İclası giriş sözü ilə açan Komissiyanın katibi Təbriz Musayev görülən işlərə dair ümumi icmal təqdim edib, müəlliflərə göndərilmiş rəy və təkliflər ilə bağlı açıq qalan məqamlar üzrə əlavə müzakirələrin aparılmasının vacibliyini vurğulayıb. T.Musayev, həmçinin, vəsaitin həcmi ilə bağlı planlaşdırmanın vahid yanaşma əsasında aparılmasının zəruriliyinə toxunaraq, iştirakçılar arasında səhifə və söz sayı ilə bağlı yaranmış anlaşılmazlıqları izah edib və fəsillərin proporsional quruluşunun saxlanılmasının yekun nəşrin keyfiyyəti baxımından əhəmiyyətini qeyd edib.
Müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (bundan sonra – Akademiya) Elm və beynəlxalq əlaqələr üzrə prorektoru Elvin Əzizbəyov Katibliyin elektron qaydada təqdim etdiyi rəy və təkliflərə görə təşəkkür edərək, qeydlərin əsaslı olduğunu bildirib və müvafiq təkmilləşmələrin aparılacağını diqqətə çatdırıb. E.Əzizbəyov “İnsan hüquqlarının təşviqi mərkəzi” İctimai Birliyinin sədri Əmir Əliyev ilə birgə birinci fəsil üzrə işi tamamladıqlarını, ikinci fəsli isə yekunlaşdırmaq üzrə olduqlarını diqqətə çatdırıb, həmçinin Akademiyada plagiat yoxlanışı üçün xüsusi proqram təminatının mövcud olduğunu və burada aparılmış yoxlama nəticələrinə əsasən hazırlanmış mətnlərdə plagiat göstəricisinin minimal səviyyədə (0,4 %) olduğunu qeyd edib.
İclas zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Aytən Mirzəzadə Katiblik tərəfindən təqdim edilmiş rəy və təkliflərin bir hissəsi ilə razılaşdığını, müzakirəyə açıq məqamların da mövcud olduğunu bildirib. Bu məsələyə münasibət bildirən T.Musayev iclasın gedişatını pozmamaq və vaxta qənaət etmək məqsədilə, müzakirəyə açıq qalan məqamlar üzrə müəlliflərin qarşıdakı bir həftə ərzində yazılı qaydada münasibət bildirmələrinin məqsədəuyğun olduğunu, bundan sonra isə həmin məsələlərin birgə müzakirə ediləcəyini qeyd edib. T.Musayev, eyni zamanda, E.Əzizbəyovun təqdim etdiyi fəsillər üzrə qeydlərin həcminin çoxluğunu nəzərə alaraq, rəylərin sistemləşdirilməsi və açıq qalan məqamların müzakirəsi üçün əlavə bir ay ayrılacağını bildirib.
Müəlliflərin fəsillər üzrə koordinasiyası ilə bağlı müzakirələrdə “Prioritet” sosial iqtisadi araşdırmalar mərkəzi” İctimai Birliyinin sədri Zaur İbrahimov şəffaflığın təmini ilə bağlı hissədə başqa həmmüəllifin də qoşulması məsələsi olduğunu və bu barədə dəqiqləşdirilib əlavə məlumat veriləcəyini qeyd edib. Müstəqil ekspert Bayram Baxşalıyev bir fəsli yekunlaşdıraraq Katibliyə təqdim etdiyini, yekun rəy və qeydlər olduqda onların da nəzərə alınmaqla mətnin təkmilləşdirilib yenidən göndəriləcəyini bildirib. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin İnsan resursları idarəsinin rəisi Vüqar Əsgərov mündəricatın birinci fəslində də həmmüəllif kimi iştirak etmək istəyini ifadə edib. E.Əzizbəyov isə müvafiq hissənin artıq hazırlanıb yekunlaşdığını bildirdikdən sonra T.Musayev yekun variantın mümkündürsə V.Əsgərov ilə paylaşılmasını təklif edib və mümkün təkliflərlə tanış olmağın faydalı olacağını bildirib.
İclasda, həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan resursları idarəsinin Kadr siyasəti və təhsil şöbəsinin baş inspektoru Rauf Məcidbəyli peşə etikası mövzusu ilə bağlı fəsildə sadalanan 6 prinsip ilə məhdudlaşmamağı, onların say və məzmun baxımından daha geniş çərçivədə təqdim edilə biləcəyini qeyd edərək, əlavə yanaşmaların işlənib hazırlanmasını təklif edib. Bu təklifə münasibət bildirən T.Musayev R.Məcidbəylidən müvafiq əlavələrin növbəti bir həftə ərzində hazırlanaraq Katibliyə təqdim edilməsini xahiş edib.
İclasın yekununda T.Musayev müəlliflərə müzakirələrdə fəal iştiraka görə təşəkkür edib, növbəti mərhələdə “Antikorrupsiya hüququ vəsaitinin tərtibi Qaydaları”nın yenidən nəzərdən keçirilməsi ilə, fəsillərin akademik formatda, istinad tələblərinə uyğun və razılaşdırılmış həcm çərçivəsində hazırlanmasının vacibliyini bir daha vurğulayıb. Habelə aralıq nəticələrin əldə edilməsi üçün cari ilin fevral ayının əvvəlinədək iki min sözdən ibarət fəsillərin yekun olaraq nəzərdən keçirilməsi planlaşdırılır.