Antikorrupsiya hüququ vəsaiti üzrə müəlliflər kollektivinin iclası keçirilib
2025-ci il 13 noyabr tarixində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) Təhsil və maarifləndirmə ilə bağlı işçi qrupunun fəaliyyəti çərçivəsində “Antikorrupsiya hüququ” vəsaitinin hazırlanması üzrə müəlliflər kollektivinin iclası keçirilib.
İclasın məqsədi müəlliflər kollektivi tərəfindən vəsait üzrə görülən işlərin davamlılığını, planlaşdırılmış mərhələlərin icrasını və fəsillər üzrə işlərin əlaqələndirilməsini təmin etmək, habelə müəlliflərin tərkibinin optimallaşdırılması və ümumi fəaliyyətin təşkilinə dair aktual məsələləri müzakirə etmək olub.
İclası açıq elan edən Komissiyanın katibi Təbriz Musayev müəlliflər kollektivinin geniş tərkibə malik olduğunu nəzərə alaraq, fəsillər üzrə paralel iş aparan müəlliflər arasında koordinasiyanın gücləndirilməsinin və materialların Katibliyə vaxtında təqdim edilməsinin vacibliyini vurğulayıb. T.Musayev iclasın məhz bu istiqamətdə praktiki təşkilati həllərin müəyyən edilməsi və növbəti mərhələlərin icrasının sürətləndirilməsi məqsədi daşıdığını diqqətə çatdırıb.
Müzakirələrdə “Vətəndaşların əmək hüquqlarını müdafiə liqası” İctimai Birliyinin sədri Sahib Məmmədov fəsillər üzrə iş bölgüsünün daha dəqiq qurulmasının zəruriliyini qeyd edərək, hər fəsil üzrə əsas müəllifin (məsul şəxs) müəyyən edilməsinin məzmun vahidliyi və redaktə baxımından qarışıqlığın qarşısını ala biləcəyini bildirib. S.Məmmədov, həmçinin işin koordinasiyası məqsədilə iclasların təşkili üçün mövcud imkanların səfərbər edilməsinə dəstək verməyə hazır olduğunu qeyd edib.
“Mülki cəmiyyətə doğru” İctimai Birliyinin sədri Abil Bayramov müzakirələr zamanı öz fəsli üzrə fərdi qaydada hazırlıq apardığını, lakin eyni fəsil üzrə bir neçə müəllifin iştirakı nəzərdə tutulduğundan yekun yanaşmanın razılaşdırılmasından sonra materialların təqdim edilməsinin daha məqsədəuyğun olacağını bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elm və beynəlxalq əlaqələr üzrə prorektoru Elvin Əzizbəyov və “İnsan hüquqlarının təşviqi mərkəzi” İctimai Birliyinin sədri Əmir Əliyev məsul olduqları fəsil üzrə işlərin plan üzrə irəlilədiyini və yekunlaşdırmaq üzrə olduqlarını bildiriblər. Bununla belə, eyni fəsil üzrə bir neçə müəllifin çalışdığı hallarda işin daha sistemli aparılması üçün qrup daxilində əlaqələndirici (rəhbər) müəllifin müəyyən edilməsinin səmərəliliyi artıracağını qeyd ediblər. Bu istiqamətdə müzakirələr davam edib, bir sıra başqa rəy və təkliflər səsləndirilib.
İclasın yekununda T.Musayev səsləndirilən təkliflərin Katiblik tərəfindən ümumiləşdirilərək müəlliflər kollektivinin işinin təşkilinə və növbəti addımların iştirakçılarla yazılı qaydada paylaşılacağını bildirib, müəllifləri fəsillər üzrə koordinasiyanın gücləndirilməsi və materialların razılaşdırılmış qaydada təqdim edilməsi istiqamətində əməkdaşlığın artırılacağına diqqət çəkib.