AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

2027-2029-cu illər üçün MFP-nin layihəsinə dair verilmiş təkliflərin müzakirəsinə dair iclas keçirilib

Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Təbriz Musayev iclasa giriş sözü ilə başlayaraq iştirakçıları salamlamış və Maliyyə Nazirliyinin dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin əldə etdikləri gəlirlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin müəyyən edilməsinə dair təklifini müzakirəyə təqdim etmişdir.

Təklifin müzakirəsi zamanı Azərbaycan İnvestisiya Holdinqinin Korporativ hüquq şöbəsinin müdiri Gövhər Əlizadə bildirmişdir ki, həyata keçiriləcək monitorinqlər zamanı Nazirliyə insan resursları məsələlərini və ştatlar barədə məlumatı əks etdirən müxtəlif hesabatlar veriləcək, habelə bu hesabatlar vahid bazada yerləşdiriləcək və bununla da müvafiq təhlillərin aparılmasına imkan yaradılmış olacaq. O qeyd etmişdir ki, hal-hazırda belə bir sistemin yaradılması istiqamətində təhlillər aparılır və gələcəkdə Nazirlər Kabinetinə müvafiq qərar layihəsi təqdim olunacaq. 

Daha sonra Maliyyə Nazirliyinin dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi sisteminin qurulmasına dair təklif müzakirə edilərkən müəyyən edilmişdir ki, bu təklif üzrə artıq praktiki işlər başlanmışdır, yəni müvafiq sistem yaradılmışdır və yaxın gələcəkdə onun təkmilləşdirilməsi gözlənilir. Qeyd olunanları nəzərə alaraq bu təklifin xaric olunması qərara alınmışdır.

Sözügedən təkliflə bağlı çıxış edən Hesablama Palatasının Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsinin müdiri Nuranə Səfərova qeyd etmişdir ki, bəzi hallarda publik hüquqi şəxslərə və kommersiya hüquqi şəxslərə eyni yanaşma tətbiq edilir lakin onların maliyyə ayırmaları məsələləri fərqlənir. Bu səbəbdən təhlillər zamanı bu fərqin nəzərə alınmasının vacibliyini vurğulamışdır.

Maliyyə Nazirliyinin dövlət büdcəsinin xərclərinə təsir edən xərc və digər normativlərinin təkmilləşdirilməsinə dair təklifinin müzakirəsindən əvvəl Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsi, Məlumatların qəbulu və qiymətləndirmə sektorunun baş məsləhətçisi Azər Bayramov bu təklifin korrupsiya ilə mübarizə prizmasından əsaslandırılmasını xahiş etmişdir.

Təkliflə bağlı çıxış edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini Zakir Hacıyev bildirmişdir ki, hal-hazırda mövcud olan xərc normativlərinin bəziləri ümumiyyətlə istifadə olunmur, bəzi hallarda isə normativlər mövcud olmadığı təqdirdə müəyyən xərc istiqamətlərindən istifadə olunur. Nəticə etibarilə, xərc normativlərindən düzgün istifadə edilməməsi korrupsiya hüquqpozmalarına şərait yaratmış olur.

Daha sonra Maliyyə Nazirliyinin Rəqəmsal həllərin və innovativ analitik alətlərin tətbiqi, habelə metodiki təminatın təkmilləşdirilməsi ilə dövlət vəsaitlərinin təyinatı üzrə səmərəli xərclənməsi ilə əlaqədar həyata keçirilən dövlət maliyyə nəzarəti tədbirlərinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına dair təklifinin müzakirəsi zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Xidmətin Hüquq sektorunun baş məsləhətçisi Vusab Abbasov tədbir üzrə aşağıdakı hasilat indikatorlarının qeyd edilməsinin vacibliyini bildirdi:

1. Daxili audit qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, onların aşkar etdiyi hüquqpozmaların nəticələrinin elan edilməsi;

2.  İSSAİ 140 (keyfiyyətin idarə edilməsi) standartının tətbiqi.

Kənd Təsərrüfatı Nazirliyinin sahibkarların qarşılaşdıqları korrupsiya halları ilə mübarizəyə dəstək olan rəqəmsal platformalarının yaradılmasına dair təklifi ilə bağlı nazirliyin Hüquq və icra intizamı şöbəsinin müdir müavini Hasil Əliyev qeyd etmişdir ki, vergi, gömrük məsələləri ilə bağlı fermerlərin problemlərini həll edə biləcək və bu sahədəki qanunvericiliyin sadə qısaldılmış formada sahibkarların diqqətinə çatdıracaq süni intellekt əsaslı platformanın yaradılmasına zərurət yaranmışdır.

İclasın son hissəsində Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin təkliflərinə baxılmışdır. İctimai Birliyin sədri Gülşən Axundova söz alaraq yeni strategiyada dövlət satınalmaları üzrə vahid açıq məlumat platformasının və dövlət qulluqçuları üçün etik davranış üzrə rəqəmsal qiymətləndirmə sisteminin yaradılması, habelə bələdiyyələrin büdcə və qərarlarının açıq platformada dərc olunması və tibbi xidmətlər üzrə “şəffaf ödəniş və xidmət izləmə sistemi”nin təşkil olunmasının vacibliyini vurğulamışdır. G. Axundovadan bu təkliflərin hasilat və nəticə indikatorlarının təkmilləşdirilərək növbəti iclas üçün hazırlanması xahiş edilmişdir.

Bundan əlavə, Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin məlumat verən şəxslərin hüquqi və texnoloji müdafiə mexanizminin yaradılması, milli korrupsiya risk xəritəsinin hazırlanması, antikorrupsiya jurnalistikası üçün qrant proqramının təşkil edilməsi, dövlət qulluqçuları üçün maraqların toqquşması üzrə məcburi elektron bəyan etmə sisteminin yaradılması və dövlət qulluqçuları üçün məcburi antikorrupsiya təlim proqramının hazırlanması üzrə təkliflərinin mahiyyət etibarilə digər təklifləri təkrarladığı üçün xaric olunması təklif edilmişdir.

Sonda T.Musayev iclasa yekun vuraraq iştirakçılara təşəkkürünü bildirmiş və müzakirə olunmamış digər təkliflərin növbəti iclasda nəzərdən keçiriləcəyini qeyd etmişdir.