2027-2029-cu illər üçün MFP-nin layihəsinə dair verilmiş təkliflərin müzakirəsinə dair iclas keçirilib
Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Təbriz Musayev iclası giriş sözü ilə açaraq iştirakçıları salamlamış və Hesablama Palatasının dövlət əmlakının istifadəsi və idarə olunması sahəsində həyata keçirilən yoxlama, təftiş və digər nəzarət tədbirlərinin nəticələrinə dair şəffaflığın artırılması ilə bağlı təklifini müzakirəyə təqdim etmişdir.
Hesablama Palatasının Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsinin müdiri Nuranə Səfərova təklifin mahiyyətini açıqlayaraq, yoxlama və təftişlərin nəticələrinə dair hazırlanmış hesabatların ictimaiyyətə açıqlanmasının vacibliyini vurğulamışdır. O, bu istiqamətdə Hesablama Palatasının fəaliyyət göstəricilərinin yüksək olduğunu qeyd etmişdir. Müzakirə zamanı təklif olunan tədbirin siyahıdan çıxarılması irəli sürülmüşdür.
Daha sonra Hesablama Palatasının dövlət əmlakının istifadəsi və idarə olunması sahəsində daxili auditorların və daxili nəzarət subyektlərinin peşəkar bacarıqlarının təkmilləşdirilməsinə dair təklifi müzakirə edilmişdir. N.Səfərova bu istiqamətdə mütəmadi təlimlərin təşkilinin və həmin təlimlər üzrə vahid metodologiyanın formalaşdırılmasının əhəmiyyətini qeyd etmişdir. O, həmçinin daxili nəzarət subyekti anlayışının geniş məzmun daşıdığını və yalnız qurumların daxili nəzarət bölmələrinin əməkdaşları ilə məhdudlaşmadığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, məsələn, əmək qanunvericiliyinə riayət olunmasına cavabdeh olan vəzifəli şəxs də müəyyən mənada daxili nəzarət subyekti kimi çıxış edə bilər.
İclasda daha sonra Maliyyə Nazirliyinin dövlət büdcəsi sahəsində normativ-hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılmasına dair təklifi nəzərdən keçirilmişdir. T.Musayev təklifin mahiyyətinin digər tədbirlərlə əhatə olunduğunu nəzərə alaraq, onun ayrıca tədbir kimi saxlanılmasına ehtiyac olmadığını bildirmişdir.
Bununla yanaşı, Maliyyə Nazirliyinin maliyyə idarəçiliyi sahəsində mövcud elektron informasiya sistemlərinin inteqrasiyasının təmin edilməsi, sistemlər arasında qarşılıqlı məlumat mübadiləsi və məlumatların üzləşdirilməsi imkanlarının yaradılması ilə bağlı təklifinin Hesablama Palatasının dövlət satınalmaları üzrə Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin “e-müqavilə” altsisteminin funksional imkanlarının genişləndirilməsi və risklərin təhlili modulunun yaradılması barədə təklifi ilə birləşdirilərək vahid tədbir kimi formalaşdırılmasının məqsədəuyğun olduğu qeyd edilmişdir.
Maliyyə Nazirliyinin dövlət satınalmalarında ehtimal olunan qiymətlərin hesablanması qaydalarının təkmilləşdirilməsi, rəqəmsal alətlərdən və süni intellekt texnologiyalarından istifadə edilməsi, eləcə də təchizatçıların elektron bazasının yaradılmasına dair təklifi müzakirə olunarkən, Maliyyə Nazirliyinin Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov çıxış etmişdir. O, dövlət qurumları tərəfindən ilkin mərhələdə müəyyən edilən satınalma proqnozları ilə sonradan bağlanılan satınalma müqavilələrinin heç də həmişə uyğunluq təşkil etmədiyini bildirmişdir. N.Soltanov vurğulamışdır ki, proqnozlaşdırılan və faktiki həyata keçirilən satınalmaların yalnız eyni xərc istiqamətinə aid olması kifayət etmir, onların mahiyyət etibarilə də uyğunluq təşkil etməsi vacibdir.
Növbəti olaraq Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Hüquq sektorunun baş məsləhətçisi Vüsal Abbasov dövlət vəsaitlərinin təyinatı üzrə səmərəli xərclənməsinin təmin edilməsi məqsədilə rəqəmsal həllərin və innovativ analitik alətlərin tətbiqi, habelə metodiki təminatın təkmilləşdirilməsi yolu ilə dövlət maliyyə nəzarəti tədbirlərinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına dair təklifin müzakirəsində iştirak etmişdir. O, qeyd olunan tədbir üzrə beynəlxalq audit standartlarına uyğun indikatorların müəyyənləşdirilməsinə ehtiyac olduğunu bildirmiş və bu səbəbdən məsələnin müzakirəsinin növbəti iclasda davam etdirilməsini təklif etmişdir.
İclasın sonunda ciddi hesabat blanklarının elektronlaşdırılmasına dair təklif müzakirəyə çıxarılmışdır. Müzakirə zamanı Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdir müavini Ramiz Qarayev “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklərin edilməsi və qanunvericilikdə “ciddi hesabat blankı” anlayışının hüquqi baxımdan dəqiq müəyyənləşdirilməsi zərurətini vurğulamışdır. O, həmçinin ciddi hesabat blanklarının vergi öhdəliklərinin hesablanmasına da təsir göstərdiyini nəzərə alaraq, bu sahədə məsuliyyət məsələlərinin hüquqi tənzimlənməsinin vacibliyini qeyd etmişdir.
Sonda T.Musayev iclasa yekun vuraraq iştirakçılara təşəkkürünü bildirmiş və müzakirə olunmamış digər təkliflərin növbəti iclasda nəzərdən keçiriləcəyini qeyd etmişdir.