AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

2011-ci ilin 3 – 6 iyul tarixlərində Korrupsiyaya qarşı mübarizə aparan Qurumların Beynəlxalq Assosiasiyasının (IAACA) Çin Xalq Respublikasının Şanxay şəhərində 3-cü seminarı keçirilmişdir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Ruslan Hacıyev 2011-ci ilin 3 – 6 iyul tarixlərində Korrupsiyaya qarşı mübarizə aparan Qurumların Beynəlxalq Assosiasiyasının (IAACA) Çin Xalq Respublikasının Şanxay şəhərində təşkil edilmiş 3-cü seminarında iştirak etmişlər. Adıcəkilən seminarda 100-ə yaxın ölkənin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlarının 800-dən artıq rəhbər vəzifəli şəxsləri təmsil olunmuşdur.

Seminarın keçirilməsində əsas məqsəd üzv dövlətlər tərəfindən BMT-nın “Korrupsiya əleyhinə” Konvensiyasının müddəalarının implementasiyası və korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məsələləri olmuşdur.

Tədbirin açılış mərasimində Çin Xalq Respublikasının Baş prokuroru, professor cənab Cao Jianming, Çin Xalq Respublikasının Kommunist Partiyasının Siyasi Bürosunun üzvü cənab Tsou Yongkang və BMT-nin Narkotiklərin qanunsuz dövriyyəsi və Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə Ofisinin məsul vəzifəli şəxsi Dmitri Vlassis iştirak etmişlər. Tədbir çərçivəsində təşkil edilmiş iclasların birində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev “Korrupsiyaya qarşı mübarizə: Azərbaycan təcrübəsi” mövzusunda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq son vaxtlar ölkəmizdə həyata keçirilən kompleks, hərtərəfli və ardıcıl korrupsiyaya qarşı mübarizə siyasəti, qanunvericilik və institusional bazanın təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə MDB ölkələri sırasında, o cümlədən Azərbaycan Prokurorluğu tarixində ilk dəfə olaraq korrupsiya qarşı mübarizə sahəsində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyətinin verilməsi, İdarədə baş vermiş struktur dəyişiklikləri barədə vermiş olduğu məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Tədbir çərçivəsində istər rəsmi, istərsə də qeyri-rəsmi görüşlər zamanı digər ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlarının rəhbər vəzifəli şəxsləri ilə qarşılıqlı beynəlxalq əlaqələrin inkişaf etdirilməsi yönündə görüşlər keçirilərək səmərəli müzakirələr aparılmışdır.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi