AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Komissiya haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə[1]

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 may 2005-ci il

              № 906-IIQ

 

 

 

Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

 

 

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında[2]

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan sonra “Komissiya” adlanacaq) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq yaradılmışdır və korrupsiyanın qarşısını alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.

2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını və digər normativ hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

3. Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.[3]

4. Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə mütəmadi olaraq onları məlumatlandırır.

 

II.  KOMİSSİYANIN ƏSAS VƏZİFƏLƏRİ

 

5. Komissiyanın həyata keçirdiyi əsas vəzifələr aşağıdakılardır:

5.1. korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək;

5.2. korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək;

5.3. korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək;

5.4. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatları qəbul etmək;

5.5. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarəti həyata keçirmək;

5.6. korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına və digər qurumlara təkliflər vermək, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin konfidensiallığını təmin etmək;[4]

5.7. korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək;

5.8. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək, dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək.[5]

6.   Komissiya qanunvericiliyə müvafiq olaraq digər vəzifələri yerinə yetirir.

 

III. KOMİSSİYANIN ƏSAS HÜQUQLARI

 

7. Öz vəzifələrini yerinə yetirmək məqsədilə Komissiya aşağıdakı hüquqları həyata keçirir:

7.1. korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin icra vəziyyətini öyrənir və ümumiləşdirir, bu barədə hüquq mühafizə və digər dövlət orqanları və qurumlarının rəhbərlərinin məlumatlarını və hesabatlarını dinləyir; [6]

7.2. dövlət və yerli özünüidarə orqanlarından, qurumlardan zəruri məlumatları və materialları alır“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular verir;[7]

7.3. korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə müvafiq dövlət orqanları və qurumlarından məlumatları alır və görülən işlərin vəziyyətini təhlil edir; [8]

7.4. korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür;

7.5. korrupsiya ilə bağlı ictimai rəyin öyrənilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;

7.6. qeyri-hökumət təşkilatları, media subyektləri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər ilə əməkdaşlıq edir və zərurət olduqda onları müəyyən işlərin görülməsinə cəlb edir;[9]

7.7. korrupsiyaya qarşı mübarizənin təşkili və səmərəliliyinin artırılması üçün beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak edir;

7.8. daxil olan korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında müraciətlərin ümumiləşdirilməsini həyata keçirir, habelə onun nəticələrinə əsasən fəaliyyətinə dair daha çox şikayətlərin daxil olduğu dövlət və ya bələdiyyə orqanlarının, habelə dövlət müəssisələrinin və qurumlarının fəaliyyətinin yoxlanılmasını dövlət orqanlarına, qurumlarına və ya auditor təşkilatlarına həvalə edir və cinayət əlaməti olan hüquqpozmalar aşkar edildikdə yoxlama materiallarını Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir;[10]

7.8-1. dövlət orqanlarında və digər qurumlarda aparılan korrupsiya risklərinin qiymətləndirilməsini təhlil edir və nəticələrinə uyğun olaraq tövsiyələr verir;

7.8-2. korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və korrupsiya risklərinin qiymətləndirməsinin nəticələri barədə ictimaiyyətə məlumat verir;[11]

7.9. korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir.

7.10. korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar proqramların və layihələrin hazırlanması və həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına maliyyə yardımı göstərir; [12]

7.11. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin icra vəziyyətini öyrənir və ümumiləşdirir, bu barədə hüquq mühafizə və digər dövlət orqanları və qurumlarının rəhbərlərinin məlumatlarını dinləyir, bu sahədə dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə müvafiq dövlət orqanları və qurumlarından məlumatları alır və təhlil edir, nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir, beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak edir.[13]

8. Komissiya qanunvericiliyə müvafiq olaraq digər hüquqları həyata keçirir.

 

IV. KOMİSSİYANIN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

9. Komissiya 15 üzvdən ibarətdir. Komissiyanın 5 üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilir.[14]

9-1. Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir.

9-2. Komissiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən üzvləri hüquq mühafizə orqanlarının rəhbərləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsləri sırasından təyin edilirlər.

9-3. Komissiyanın Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunan üzvləri deputatlar, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri və Azərbaycan Respublikasının Milli Məclisi Aparatının rəhbərliyi sırasından seçilir.

9-4. Komissiyanın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən üzvləri məhkəmə, prokurorluq, ədliyyə orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindən ibarətdir.

9-5. Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın sədri onun tərkibindən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçilir.

9-6. Komissiya üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

9-6.1. öz arzusu ilə;

9-6.2. tutduğu vəzifədən azad edildikdə;

9-6.3. barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

9-6.4. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;

9-6.5. Komissiyanın nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verdikdə;

9-6.6. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;

9-6.7. vəfat etdikdə, yaxud məhkəmə tərəfindən ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə.

9-7. Komissiya üzvü Komissiyadakı vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda həmin maraqlar barəsində Komissiyanın sədrinə məlumat verməli və Komissiya üzvlərinin rəyi öyrənilməlidir. Komissiyanın üzvü Komissiya sədrinin və Komissiyanın digər üzvlərinin rəyinə uyğun olaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış etməməli və səsvermədə iştirak etməməlidir.

9-8. Komissiya ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

9-9. Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üzrə işin təşkili və birgə tədbirlərin həyata keçirilməsi, sahə üzrə tədqiqat, təhlil materiallarının hazırlanması, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müvafiq tədbirlərin yerinə yetirilməsi, habelə maarifləndirmənin həyata keçirilməsi üçün dövlət orqanlarının (qurumlarının) müvafiq sahə üzrə nümayəndələrindən ibarət işçi qruplar yarada bilər.

9-10. İşçi qrupların tərkibinə müvafiq sahələr üzrə qeyri-hökumət təşkilatları, media subyektləri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər daxil edilə bilər.

9-11. İşçi qrupların hazırladığı sənədlər Komissiyanın iclaslarında müzakirəyə çıxarıla və müvafiq qərarlar qəbul edilə bilər.[15]

10. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Komissiyanın iclasları mütəmadi olaraq bu Əsasnamənin 13-cü maddəsində nəzərdə tutulmuş Reqlamentlə müəyyən edilmiş qaydada keçirilir. Zərurət olduqda, bu Əsasnamənin 13-cü maddəsində nəzərdə tutulmuş Reqlamentlə müəyyən edilmiş qaydada Komissiyanın növbədənkənar iclasları çağınla bilər. Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın qərarları iclasda iştirak edən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, Komissiyanın sədri həlledici səsə malikdir. Səsvermə zamanı xüsusi rəyi olan Komissiyanın üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər. Komissiyanın səlahiyyətlərinə aid edilmiş bəzi məsələlər üzrə Komissiyanın qərarları iclas çağırılmadan üzvlərinin rəyi öyrənilməklə Komissiyanın sədri tərəfindən qəbul edilə bilər. [16]

11. Komissiyanın iclaslarına digər şəxslər də dəvət oluna bilərlər.

12. Komissiyanın üzvləri fəaliyyətlərində müstəqildirlər.

13. Komissiya özünün Reqlamentini təsdiq edir.

14. Komissiya Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş xidməti blanka malikdir.

15. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katibliyin rəhbəri Komissiyanın qərarı ilə, digər işçiləri isə Komissiyanın sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir.[17]

16. Katiblik dövlət orqanıdır və Katibliyin işçiləri dövlət qulluqçularıdır.

17. Katibliyin fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir.

18. Katibliyin səlahiyyətləri Komissiya tərəfindən müəyyən edilir.

19. Komissiya fəaliyyəti haqqında illik məruzə tərtib edir və onu Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edir.